Noyabrın 6-sı Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.
Gənclər və İdman Nazirliyi ilə "Gənc Vətənpərvərlər" İctimai Birliyi tərəfindən birgə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov, hərbçilərimiz kapitan Üzeyir Novruzov, baş leytenant Toğrul Məmmədli və gizir Nicat Mahmudov iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız bir dəqiqəlik sükutla anılıb.
Tarixi qələbəmizin dördüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Məcid Seyidov vurğulayıb ki, 44 günlük Vətən müharibəsinin şanlı zəfərlə başa çatması dövlət-xalq-ordu birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində mümkün olub. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyən nazir müavini bütün hərbçilərimizə ali xidmətlərinə görə minnətdarlıq edib, qəhrəman döyüşçülərimizin gənc nəslə ötürdüyü vətənpərvərlik mirasının gənclərin Vətənə olan bağlılığını daha da yüksəltdiyini diqqətə çatdırıb.
Azərbaycan Ordusunun hər zaman üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirdiyini ifadə edən qazilərimiz dövlətimizin, xalqımızın dəstəyini daim çiyinlərində hiss etdiklərini bildirib, şəhidlərin əziz xatirəsinin yaradılması, qazilərə göstərilən diqqətə görə minnətdarlıq ediblər.
Görüşdə iştirak edən müharibə iştirakçılarına hədiyyələr təqdim edilib.